Peter Forsskal: Thoughts on Civil Liberty
 
The Text
 
  << English
   
 

Vətəndaş azadlığı barədə mülahizələr

Translated into Azerbaijani courtesy of the CoE/EU Eastern Partnership Programmatic Co-operation Framework Project “Freedom of expression and media freedom in Azerbaijan”.

§.1.
Insan nə qədər öz istəklərinə uyğun yaşaya bilsə,  bir o qədər azad olar. Buna görə də,  insan üçün həyatın özündən başqa heç nə azadlıq qədər əziz ola bilməz.. Heç bir məntiqli varlıq zorakılığa məruz qalmasa və ya daha böyük bəla ilə üzləşməkdən qorxmasa azadlıqdan imtina etmir və ya onu məhdudlaşdırmır...

§.2.
Hər kəsin əxlaqa və ləyaqətə dəyər veridiyi bir dünyada insana bu qədər əziz olan faydanı məhdudlaşdırmağa ehtiyac qalmır. Lakin biz əksər hallarda qəbahətli davranmağa və qaydaları pozmağa meylli oluruq. Buna görə də bizim üçün sərhədlər müəyyən edilməli, azadlığın zərərli hissəsi aradan qaldırılmalı və yalnız o hissəsi saxlanılmalıdır ki, insanın özünə və digərlərinə fayda versin və kimsəyə ziyan vurmasın. 

§.3.
Həqiqi vətəndaş azadlığı, yalnız cəmiyyətin hər bir üzvünə verildiyi halda mövcud ola bilər. Bu da o deməkdir ki, heç kəs cəmiyyət nöqteyi-nəzərindən düzgün və faydalı olan hərəkətləri etməkdən çəkindirilmir, hər bir vicdanlı şəxs təhlükəsiz şəraitdə yaşamaq imkanına malik olur, öz vicdanına uyğun hərəkət edə bilir, öz mülkiyyətindən istifadə edə bilir və öz cəmiyyətinin rifahına tövhə verə bilir.

§.4.

Bu azadlığa ən böyük təhlükəni həmişə malik olduqları mövqeyə, əmlaklarına və ya var-dövlətlərinə görə ölkədə ən çox güc sahibi olan insanlar təşkil edirlər. Onlar sadəcə öz qüdrətlərindən sui-istifadə etmirlər, həm də zaman getdikcə daha da güclənərək və varlanaraq cəmiyyətin digər üzvlərinin onlardan daha çox qorxmasına səbəb ola bilərlər.

§.5.
Çünki cəmiyyətin azadlığı bütövlükdə yalnız orada yaşayan insanların öz hökmdarlarının zülmündən azad olmasından ibarət deyildir. Bu bütün subyektlərin xoşbəxt yaşaya biləcəyi vəziyyət istiqamətində atılan ilk böyük addımdır. Lakin subyektlər bir-birini də zülmə məruz qoya bilərlər. Məsələn, Polşa və İtaliya kimi bir çox Respublikalar azadlığın adını qürurla yüksəkliklərə ucaltsalar da orada yaşayan insanların çoxu yüksək vəzifəli şəxslərdən asılı vəziyyətdədirlər.

§.6.
Belə bir sual meydana gələ bilər – hansı hakimiyyət ölkəni daha çox uğursuzluğa düçar edə bilər – hökmdarın hakimiyyəti yoxsa vətəndaşların? Mən inanıram ki, ikincisi daha dözülməzdir, lakin birincisi daha düzəlməzdir və bu səbəbdən də insanlar ən çox birincisindən ehtiyyat etməlidir. Çünki o aradan qaldırılmasa, ikincisi də heç vaxt aradan qaldırıla bilməz. Hakimiyyət əksər hallarda avtokratların adından və hakimiyyətindən istifadə edən pis niyyətli subyektlərin əlinə keçir, onlar da öz hökmdarlarının lütfünə layiq olmasalar da, ondan istifadə edərək rahat həyat sürürlər. Buna bənzər olaraq, qüdrətli Hökmdarların zülmünə çarə tapmaq da bir neçə səbəbdən daha çətindir. Taxt–taca sahib olanların müqəddəs olduğuna həddindən artıq inam hətta ən ədalətsiz hökmdarları belə uzun müddət qoruyub. Çoxları inanır ki, digər insanlardan bu qədər üstün olan və ilahi qüvvəyə bu dərəcədə yaxın olan insana verilənlər heç vaxt hədidindən artıq hesab edilə bilməz. Məhz ilahi hesab edildiklərinə görə, Bərbər hökmdarları itaətlərində olan insanların həyatları ilə oynayıb, buna görə heç bir cəzaya məruz qalmayıblar. Ingiltərədə Andsizlar sadiq olmayan kral ailəsinə sadiq olmamağı vicdan məsələsinə çevirirlər.  Və misal tapmaq üçün çox da uzağa getməyək – elə 12-ci Karlın apardığı müharibələr zamanı İsveçdə insanların, pul və məhsulların tükəndiyi bir dövrdə insanlar inanırdılar ki, bu sərt Qəhrəman* ölkəni talan etməyib, əksinə müdafiə edib. Belə ki, təbəələr heç də həmişə öz şahzadələrinin ədalətsizliyini qavramır, hətta qavrasalar belə bundan yaxa qurtara bilmirlər. Ehtiyac olduqda şahzadələr öz imtiyazlarını təkbaşına qoruyur və hər şeyi təkbaşına idarə edirlər. Bütün ölkənin rifahı və gücü bir insanın əlində cəmləşir. Lakin bəzi təbəələr digərləri tərəfindən sıxılaraq zülmə məruz qaldıqda, bu ədalətsizlik hamının diqqətini cəlb edir; və bir çox insan eyni zamanda öz səlahiyyətlərindən sui-§istifadə etdikdə, bütövlükdə kütlə onların fərqli məqsəd və hakimiyyətlərinin öhdəsindən asanlıqla gəlir. Beləliklə, xalqın ehtiramı və onların öz gücləri onlara kifayət qədər toxunulmazlıq təminatı vermir. Onlar özlərini yalnız öz ədalətsizliklərini gizlətməklə müdafiə edə bilərlər. Lakin əgər ictimaiyyəti hədəf alan yazılarda hər kəsə ictimai marağa qarşı edilən hərəkətlər barədə açıq danışmaq icazəsi verilsə, ictimaiyyətin maraqları əleyhinə törədilən hərəkətləri uzun müddət gizli saxlamaq mümkün olmayacaq.
.
*Bax Enväldets skadeliga påföljder (“Absolütizmin zərərli nəticələri”), Stokholm. 1757.

 

§.7.
Beləliklə, vətəndaş azadlığının həyatı və gücü məhdud Hökumət və yazılı sözün qeyri-məhdud azadlığından ibarətdir, bu şərtlə ki, birmənalı şəkildə nalayiq hesab edilən, Allaha qarşı kafir fikirləri təlqin edən, fərdi şəxsləri təhqirə məruz qoyan və açıq-aydın şəkildə günah işləməyə çağıran bütün yazılara görə ciddi cəza tətbiq edilsin.

§.8.
İlahidən gələn vəhylər, əsas müdrik qanunlar və fərdi şəxslər heç bir şəkildə belə ifadə azadlığından zərər görməməlidirlər. Çünki həqiqət həmişə o zaman qalib gəlir ki, onun inkar edilməsi mümkün olsun və müdafiəsi üçün bərabər imkanlar yaradılsın.
  
§.9.
Əksinə, yazılı sözün azadlığı biliyi ən yüksək səviyyədə inkişaf etdirir, bütün zərərli qanunları rədd edir, bütün rəsmi şəxslərin haqsızlıqlarını məhdudlaşdırır və azad dövlətdə Hökumətin ən etibarlı müdafiəçisi kimi çıxış edir. Çünki o, insanlara bu cür hökumət modelini sevdirir. İngiltərədə, fundamental qanunlara qarşı təhlükəli çıxışlara tez-tez rast gəlmək mümkün deyil.  Lakin, orada ictimaiyyətin öz narazılığını ifadə etməsi vasitəsilə ictimai asayışın pozulması hallarının qarşısını erkən mərhələdə almaq mümkün ola bilər. Digər tərəfdən, qeyri-məlum olmayan bir ölkədə* belə bir əhəmiyyətli faktla üzləşmişik ki,  azadlığın qeyri-bərabər paylanması nifrət və güclə müdafiə edildiyi halda, insanlar asanlıqla zorakılıq və son çarə addımlara əl atırlar: çox az bir şeyə malik olan insan cəmiyyətin və öz hüquqlarının digər vətəndaşlar tərəfindən alınmasını qısqanclıq və intiqam hissi olmadan seyr etmək əvəzinə hər şeyi itirməyə üstünlük verəcək. Çünki çox az şeyə  malik həmin insan öz düşməni və ya onu incidən şəxsin bir çox şeydən məhrum olmasına səbəb olduğu zaman  özü çox az şeyi itirmək riskinə məruz qalır. Bu, bir o qədər təqdirəlayiq olmasa da, ümumi bir haldır. Buna görə də, azadlıq azadlıq vasitəsilə qorunub-saxlanmalıdır. Narazı olanlara qarşı məcburetmə və təqibin tətbiq olunması, narazılıq üçün səbəbin olub-olmamasından asılı olmayaraq, onu bütünlükdə təhlükəyə atır. Müdrik hökumət insanlara imkan yaradır ki, onlar öz narazılıqlarını digər silahlarla deyil, qələmlə ifadə etsinlər, bununla da bir tərəfdən xalqın maariflənməsi baş verir, digər tərəfdən isə insanlar təskinlik tapır və etiraz və asayışın pozulması hallarının qarşısı alınır.
  
*Danimarka.

§.10.

Bundan əvvəl qeyd etdiyimiz kimi, (§. 3) vətəndaş azadlığı hər bir vicdanlı şəxsə təhlükəsiz yaşamaq, öz vicdanına uyğun hərəkət etmək, öz mülkiyyətindən istifadə etmək və öz cəmiyyətinin rifahına töhfə vermək imkanı verir. Mən bu məqamlardan hər birini qısaca izah edəcəyəm. Qanunlar bizim həyatımızın daha təhlükəsiz olmasına xidmət edir, çünki onlar bəyan edirlər ki, heç kəs vicdanlı insanın vücuduna və sağlamlığına qəsd edib cəzasız qala bilməz. Lakin, belə olan halda belə insanlar təqsirləndirənlərə qulaq asmalı və təqsirləndirilən şəxs heç bir cinayət əməli törətməmisdirsə belə, hakimlər tərəfindən çıxarılmış hökmləri icra etməli olurlar. Çünki cəmiyyət məhkəmələrsiz mövcud ola bilməz, hakimlər isə həmişə qərəzsiz olmur.*İnsanların nifrət və cilovsuz qəzəbi bəzən hətta ən günahsız və məsum vətəndaşları belə sovurur. Eyni zamanda həm həyat, həm də nüfuz üçün bundan daha böyük təhlükə mövcud deyil – bunu nə dəyişmək mümkündür, nə də xalq qarşısında özünü açıq şəkildə müdafiə etmək hüququ insanların qəzəbinin sakitləşməsinə və hakimləri manipulasiyadan çəkindirməyə kömək edir. Hətta buna nail olmaq mümkün olmasa belə, belə böyük haqsızlığın müqabilində təmin edilə biləcək ən ədalətli kompensasiya ondan ibarətdir ki, zavallı müttəhim, İngiltərədə olduğu kimi, heç olmasa digər vətəndaşlara məsum olaraq öldüyünü göstərə bilir.
* Məhkəmə, hakimlər və yazılı sözün müvafiq azadlığı və təhlükəsizliyi haqqında bir neçə nəşrə baxın.

§.11.
Vicdan əksər hallarda səhv fikirlərə əsaslana bilər. Əgər həmin fikirlərin yeganə məqsədi yezuitlərin aldadıcı qaydaları kimi cəmiyyətin və insanların məhv edilməsidirsə, buna heç vaxt dözümlü yanaşmaq olmaz.  Lakin vicdanı zəif olduğuna görə təhlükəli görünən insanlar adətən yaxşı vətəndaşa çevrilə bilərlər, bu şərtlə ki, cəmiyyət onların delyuziyalarına (sayıqlamalarına) az da olsa uyğunlaşsın. Menonitlər and içməkdən çəkinirlər, lakin onların bəli və ya xeyir deməsinə əminliklə etibar etmək olar. Onların bir çoxunu düşmənə hücum etmək üçün yola gətirmək olmaz, lakin onlar qoşunları dəstəkləmək üçün həvəslə pul ödəyirlər. Dinlər arasında movcud olan fərqlərin vətəndaş birliyini pozmaması bəxti gətirmiş və azadlığın sayəsində əhalisi getdikcə artan Pensilvaniyanın təcrübəsində təsdiqlənir. Azadlıq şəraitində dini delyuziyalar nəticə etibarı ilə həqiqətin qüdrətinə təslim olaraq azalır, halbuki, təqibə məruz qaldıqları halda onlar daha da qızışaraq zorakı şəkildə, alov bürüməsinə bənzər olaraq, yayılır. Və nəhayət, hər kəsin delyuziyadan azad ola biləcəyi bir yer olmadığı üçün, onların İngiltərədə olduğu kimi açıq şəkildə müvəffəqiyyətsizliyə uğraması və ya başqa yerlərdə olduğu kimi riyakar olması az əhəmiyyət kəsb edir.

§.12.
Cəmiyyətdə insanlar qismən dövlət üzvü kimi, qismən də bir fərd olaraq əmlaka malikdirlər. Birinci katerqoriya dövlət gəlirlərini və onlardan istifadə edilərək əldə olunan əmlakı və dövlət xidmətlərini əhatə edir. İkinci kateqoriya isə hər fərdin sahib olduğu əmlakdır. Qanun hər iki əmlak növünü zorakı hərəkətlər və sui-istifadən qorumalıdır. Əhalinin hər bir üzvü dövlət yükü və dövlət mənfəətində ağlabatan paya malik olmalıdır. Cünki cəmiyyət hər kəsindir, azadlıq da hər kəsə məxsus olmalıdır. Buna görə  ölkənin vergiləri yanlız bəzi insanların üzərinə böyük bir yük kimi qoyulmamalıdır, əksinə hər kəs öz gəlirinə uyğun olaraq dövlətin gəlirinin formalaşdırılmasına töhvə verməlidir.  Bundan əlavə, dövlət vəzifəsi və ya fəxri vəzifəyə layiq olan heç bir kəs onlara nail olmaq ümidindən məhrum edilməməlidir.

§.13.
Əgər hər hansı bir dövlət vəzifəsinə təyin edilməkdən ötrü insanlar imtahandan keçməli olsa, əgər imtahandan keçən həmin şəxlər yalnız əvvəlki vəzifələrində müəyyən müddət işlədikdən sonra daha yüksək vəzifəyə irəli çəkilsə və əgər insanlar bacarıqlarına görə qiymətləndirilsə, bu halda vəzifələrə bacarıqsız insanlar təyin edilməyəcək və insanlar ailə,  pul və əlaqələr hesabına deyil,  işə münasibət və bacarıqlara görə irəliləmək imkanı əldə edəcək.

§.14.
Vəzifə ilə bağlı biliklərin və təcrübənin yoxlanlması qədər asan və etibarlı imtahan yoxdur. Biz belə imtahanlardan dini xadimlərlə bağlı istifadə edirik. Bu cür testlər Çində bütün dövlət məmurlarına tətbiq edilir. Lakin bir nəfərə istənilən sualı vermək və istənilən formada qiymətləndirmə aparmaq imkanı verilsə, o, hətta ən yaxşı namizədi belə bəyənməyə bilər. Buna görə də hər bir vəzifə üçün xüsusi bilik, xüsusi kitablar, xüsusi təlim və ictimaiyyət qarşısında hesabatlılıq tələb edən vəzifə borcları müəyyən edilməlidir.

§.15.
Hər bir şəxsə öz əmlakından özünün və cəmiyyətin xeyrinə istifadə etmək icazəsi asanlıqla verilir. Lakin hər kəs, cəmiyyətə faydalı ola biləcək şəkildə hər növ əmlakı asanlıqla əldə edə bilmir. Heç kəs istədiyi yerdə, iş və ya ödəniş müqabilində torpaq ala bilməz, baxmayaraq ki, bir çox insan ictimai marağa zidd olaraq becərə biləcəyindən daha artıq torpağa malikdir. Qanunlara, məs., Musanın yəhudilər üçün nəzərdə tutduğu hər bir ailənin çox da böyük olmayan və daimi malik ola biləcəyi torpaq sahəsinə dair qanunları (Musanın 3-cü Kitabı, 25:13-15, 23, 24, 40 və 41) və ya Lisiniusun romalılar üçün nəzərdə tutduğu 500 jugeraya (257 1/7 tunlənd ) dair qanunları həm torpaqların becərilməsini dəstəkləyir, həm də sakinlərin hüquqlarının tarazlaşdırılmasına səbəb olur.

§.16.
Heç nə bədənimizinşüurumuzun gücü qədər bizə məxsus deyil; buna görə də heç nə insanın bədənindən və şüurundan layiqli şəkildə istifadə edərək, öz faydalı vərdişlərini və biliklərinini tətbiq edərək yaşamaq üçün qazanc əldə etməsi qədər ağlabatan ola bilməz. Hər kəs sərbəst şəkildə kənd təsərrüfatı və istehsal, sənət, ticarət və öyrənmə yolu ilə pul qazanmaq imkanına malik olmalıdır, o zamana qədər ki, kəmiyyət cəmiyyət üçün zərər təşkil edəcək həcmdə olmasın.

§.17.

Fayda gətirən əməkçilər kəndləri tərk etməli olurlar, çünki qanunlar kəndlər və daxmalarda yaşayan və bəxtindən heç bir torpaq payına sahib olmayanları müdafiə etmir və burada yeganə istisnanı əlilliyi olan və yaşlarına görə artıq tam gücsüz vəziyyətə düşən insanlar təşkil edir. Buna görə də, onların təbii azadlıq hissləri baş qaldırdıqda və onlar azad olduqda, şəhərlərə qaçmalı olurlar, çünki şəhərlərdə onlar daha rahat həyat sürə və ya ağır olmayan işlərdə işləyə bilərlər. Lakin elə yerlərdə ki, orada İngiltərə və Almaniyada olduğu kimi, hər kəs, hətta kənd əhalisi belə öz işinin ağasıdır, orada, bir çox zəhmətkeş (əməkçi) öz doğma kəndlərində qalır, çoxalır, faydalı sənətlə məşqul olur, fermalarda işə düzəlir və bütün bunlar şəhər həyatını seçməkdən, ailə qurmadan yaşamaqdan, ekstravaqant və veyil həyat sürməkdən və bununla da varlıların rifahını dəstəkləməkdən, varlıların ətrafında fırlanmaqdan və vaxtı yatmaq və zinakarlıqla israf etməklə həm özlərinə, həm də ölkəyə yük olmaqdan daha yaxşıdır.

§.18.

Dövlət məktəbləri xüsusilə bacarıqları və onların azadlığını təşviq etmək məqsədilə fəaliyyət göstərməli, həmin məktəblərdə istənilən şəxs öz bacarığına və zəkasına uyğun tam təhsil almalı, bütün incəsənət və peşə növlərini öyrənməli və anladığı sahədə azad usta kimi dərhal tanınmalıdır. Lakin, peşələrin sayı cəmiyyətin ehtiyacına və istifadəsinə görə müəyyən edilməlidir.

§.19.

Əksinə, bizim qapalı qildiyalarımız və usta köməkçilərinin təlimi bekarçılıq, qısıntı, insan çatışmazlığı, zinakarlıq, yoxsulluq və vaxt israfının qarşısını almaq üçün yaxşı bir vasitədir.

§.20.
Hətta azad incəsənət adlanan  məfhumun özü də İsveçdə azad deyil. Başqa yerlərdə, o, adına daha layiqdir. Almaniyada hər bir şəxs özünün öyrəndiklərini açıq şəkildə başqalarına öyrədə bilər. Bundan əlavə, heç bir şəxs başlanğıcdan etibarən kitablardan öyrənməyi özünün əsas yolu kimi müəyyən etməyə məcbur edilə bilməz və ya daha sonralar, onun ən zərərisız məşğuliyyət vasitəsilə pul qazanmağının qarşısı alınmamalıdır.

§.21.
Nəhayət, cəmiyyətin rifahına sərbəst şəkildə töhfə vermək hüququ sərbəst cəmiyyətdə önəmli hüquq hesab edilir. Lakin bunun baş tutması üçün dövlət işləri barədə məlumatın hamıya açıq olması mümkün olmalı və hər kəs bu barədə öz fikirlərini sərbəst ifadə etmək imkanına malik olmalıdır. Bu olmadığı halda azadlıq öz adına layıq ola bilməz.  
Hərbi məsələlər və bəzi xarici danışıqların müəyyən müddət gizli saxlanmasına ehtiyac olur və bir çox insanın bu məsələlər barədə xəbəri olmaya bilər, lakin bu vətəndaşlarla deyil, düşmənlərlə bağlı bir məsələdir. Lakin dinc vaxta və insanların ölkədaxili rifahına aid məsələlər ölkə vətəndaşlarından gizli saxlanılmamalıdır. Əks halda elə vəziyyət alına bilər ki, yalnız bizim pisliyimizi istəyən xaricilər göndərdiyi insanlar və pul vasitəsilə bizim sirlərimizi ələ keçirə bilər, faydalı məsləhət verə bilən ölkəmizin vətəndaşları isə bir çox şeydən xəbərsiz olar. Digər tərəfdən, bütün ölkə bilinəndə, ən azı müşahidə edən şəxs fayda gətirən və ya zərər verən halları görür və yazılı sözün azadlığı movcud olan yerdə, bunu hamıya açıqlayır. Yalnız belə olan halda, ictimai müzakirələr hamının mənafeinə xidmət edən həqiqət və Vətənə sevgi tərəfindən idarə olunur.

Allah, bütün insanlara xöşbəxtlik verən İlahi Qüvvə, bizim İsveç Azadlığımızı artır və əbədi olaraq qoru!

 

1 tunnland = 4936m2

   
   
 
  Back to top